Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında vətənpərvərlik mövzusunda bədii qiraət müsabiqəsi keçirilib.
İştirakçıların çıxışları mövzuya uyğunluq, səhnə mədəniyyəti, tələffüz bacarığı, intonasiya və emosional təqdimat kimi meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrından aktyor Zakir Fətəliyev və aktrisa Səkinə Məmmədovadan ibarət heyət tərəfindən çıxışlar dinlənilib, ortaq qərar əsasında qaliblər müəyyənləşdirilib.
Qiymətləndirmənin nəticəsinə əsasən müsabiqənin qalibi Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülay Ağazadə olub. Naxçıvan Hərbi Kollecindən Havadar Dilavərli ikinci, Naxçıvan Dövlət Texniki Kollecindən Ceyran İmanzadə isə üçüncü yerə layiq görülüb.
Adıçəkilən tələbələr Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.